DƏNLİ BİTKİLƏR




    Dənli bitkər - bitkiçiliyin və eləcə də bütövlükdə kənd təsərrüfatının zəruri məhsulları olmaqla insanların qidasının, məhsuldar heyvandarlığın və quşçuluğun inkişafının əsasını təşkil edir. Dənli bitkilərin istehsalının artırılması kənd təsərrüfatının qarşısında duran əsas məsələlərdən biri olmaqla, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təminatında əsas strateji sahədir. Bu btkilərin becərilmə texnologiyasında onlara edilən qulluq işlərinin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi əsas və həlledici amillərdən biridir.

    Dənli bitkilər botaniki xüsusiyyətlərinə, kimyəvi tərkibinə, təyinatına və digər əlamətlərinə görə əsasən 3 qrupa ayrılır:
   1.Taxıl cinsinə mənsub olan dənli bitkilər. Bunlar 2 yarımqrupa ayrılır:
    a) əsas taxıl tipli bitkilər - buğda, çovdar, arpa və vələmir;
    b) darıyabənzər tipli taxıl bitkiləri- darı, düyü, qarğıdalı;
   2.Qarabaşaq bitkisi;
   3.Paxlalı dənli bitkilər- noxud, nut, lobya, mərci, lərgə, paxla və soya.

   Taxıl — bir çox dənli bitkilərin cəmindən alınan məhsuldur.
   Taxılın əsas xüsusiyyəti odur ki, başqa bitkiçilik məhsullarına nisbətən onun tərkibində quru maddə çoxdur (85%) və adi şəraitdə uzun müddət saxlamaq olur.
   Taxıl əkilən sahələrə erkən yazda torpaq-iqlim şəraitindən asılı olaraq, hər hektara fiziki çəkidə 220-300 kq ammonium şorası, yaxud 200 kq-a qədər karbomid verilməsi məsləhətdir. Azot gübrəsinin 15-20% -i səpindən qabaq, 60 %-i erkən yazda, 20-25 %-i isə bitkilərin boruya çıxma fazasında yemləmə şəklində verilməsi məqsədəuyğundur. Gübrələrin verilmə müddətlərinə düzgün riayət etmək lazımdır.
   Məlumdur ki, əkin sahələrində yaza yaxın torpaq sıxılaraq bərkiyir. Nəticədə bitkilərin köklərinə hava çətin keçir, torpaqda isə rütubət daha çox buxarlanır. Bunun qarşısını almaq üçün erkən yazda əsasən də quraq dəmyə şəraitində bitkilərə yemləmə gübrəsi verildikdən sonra əkinləri səpinin köndələninə yüngül dişli mala ilə malalamaq lazımdır. Bu zaman əmələ gəlmiş xırda qaysaqlar dağıdılır, torpaqdan rütubətin buxarlanmasının qarşısı alınır, xırda alaq cücərtiləri məhv olur və kök sisteminin havalanması yaxşılaşır. Yadda saxlamaq lazımdır ki, əkinlərə mala bitkilərin tam kollanma mərhələsində çəkilməlidir.
   Payızlıq dənli bitkilərdən yüksək məhsul götürülməsində mühüm şərtlərdən biri də suvarmadır. Torpaq-iqlim şəraitindən asılı olaraq vegetasiya dövründə iki-dörd dəfə su verilməlidir. Suvarma suyu ilə birlikdə bitkilərə peyin şirəsi verilməsi yaxşı nəticələrə gətirib çıxarır.
   Yazda taxıla qulluq işlərindən biri də alaqlara qarşı kimyəvi mübarizədir Hazırda birləpəli alaqlara ( yabanı vələmir, və s.) qarşı geniş istifadə olunan herbisidlərə əsasən Puma Super və Topik aiddir. Puma Super herbisidi hektara 0.8-1.0 litr, topik herbisidi isə hektara 0.35-0.40 litr hesabı ilə verilir. Bu herbisidlərin göstərilən miqdarı 250-300 litr suda həll edilərək yazda payızlıq buğdanın kollanma mərhələsində sahələrə çilənməlidir. Əks halda onun səmərəliliyi az olar. Taxıl əkinlərində yayılmış ikiləpəli alaqlara ( adi turpəng, çöl gülülü, çöl qanqalı, çöl sarmaşığı və s.) qarşı 2.4-D herbisidinin amin duzu hektara 1,0-1.2 kq, Lintur herbisdi 0.150-0.180 kq, Qran Star herbisidi isə 0.018 kq hesabı ilə verilir. Fermer təsərrüfatında aparılan təcrübələr göstərir ki, Topik və Lintur herbisidlərinin qarışdırılaraq bir dəfəyə verilməsi iqtisadi cəhətdən daha səmərəlidir
   Respublikada taxıla qış-yaz dövründə siçana bənzər gəmircilər daha çox ziyan vururlar. Bu məqsədlə avtol və ya bitgi yağı qarışdırılmış 10 %-li sink-fosfidlə zəhərlənmiş dəndən istifadə olunur. Hər işçi yuvaya 0.5-l.0 qram hesabı ilə zəhərli dən qoyulur. Aldadıcı yemi bitkinin yaşıl, yumşaq hissələrindən hazırlamaq da olar. Nəm ot şəkisinin 6 %-i qədər sink-fosfid götürülüb tozlanmalı və diqqətlə qarışdırılmalıdır. Çöl siçanları hazırlanmış belə aldadıcı yemi ilin isti vaxtlarında da yaxşı yeyirlər və məhv olurlar

   Taxıl cinsinə aid olan dənlər quruluş etibarilə çılpaq və qabıqlı olur. Buğda, çovdar və qarğıdalı çılpaq dənli bitkilərə (çılpaq dənli bitkilərin üzərində çiçək qişası olmur) aiddir. Vələmir, arpa, düyü və darı qabıqlı dənli (qabıqlı dənli bitkilərin üzərində çiçək qişası olur) bitkilərə aiddir. Çılpaq dənli bitkilərdə endosperm, rüşeym, meyvə və toxum qılafı və aleyron təbəqəsi vardır.
   Endosperm — (unlu nüvə) dənin qidaya sərf olunan əsas hissəsidir. Buğdada 80-85%, çovdarda 75-80%, qarğıdalıda 70-75%, arpada 60-68%, vələmirdə 45-50% endosperm olur. Müxtəlif dənli bitkilərin endosperminin tərkibində 12-15% zülal, 75-80% nişasta, 2-3% şəkər, 1%-ə qədər yağ, 1,5-2% pentozalar vardır. Sellüloza 0,1-0,15%, mineral maddə 0,3-0,4%-dir. Vitaminlərin, makro və mikroelementlərin miqdarı az olduğundan endospermdən alınan məhsulların bioloji dəyəri azdır
   Rüşeym — dənin iti uc hissəsində yerləşir, dənin 2-3%-ni təşkil edir. Darıda 6%, qarğıdalıda isə 10% rüşeym olur. Rüşeymin tərkibində 35-40% zülal, 15-35% yağ, 5-10% mineral maddə, 2-3% sellüloza, pentozalar, B1, B2, E vitaminləri var və qarğıdalı rüşeymindən yağ istehsal edilir.
   Çiçək qişası — arpa dəninin 9-14%-ni, darıda 14-18%, düyüdə 19-21%, vələmirdə isə 25-30% təşkil edir. Yarma istehsalında çiçək qişası tamamilə kənar edilir. Çiçək qişasının tərkibində sellüloza, ən çox pentozanlar, az miqdarda şəkər və azotlu maddələr vardır. Qıdalılıq dəyərinə malik olmadığından una və yarmaya çiçək qişasının düşməsinə yol verilmir.
   Meyvə qılafı — (perikarpiy) bir neçə qat toxumadan ibarətdir: epidermis, epikarpiy, mezokarpiy və endokarpiy. Meyvə qılafı yarımşəffafdır, tərkibində sellüloza, pentozlar, pektin maddəsi, mineral maddə, az miqdarda şəkər, azotlu maddə və yağ vardır. Çılpaq taxıl bitkilərində bütöv dənin 5-6%-ni, qabıqlı dənli bitkilərdə isə 2-4%-ni təşkil edir.
   Toxum qılafı — (perispermiy) 2 qatdan ibarətdir: 1.Piqmentli qatda boya maddələrindən antosianlar (qırmızı), flavonlar (sarı), xlorofil (göy-yaşıl) vardır; 2.Qialin- yumşaq, suyu yaxşı keçirən qatdan ibarətdir. Toxum qılafı aleyron təbəqə ilə sıx əlaqədardır. Bütöv dən kütləsinin 1-2,5%-ni təşkil edir. Toxum qılafında sellülozanın miqdarı meyvə qılafına nisbətən az, şəkər və azotlu maddələr isə çoxdur. Toxum qılafı dəndən istehsal olunan məhsullara düşdükdə onların rəngini tündləşdirir. Meyvə və toxum qılafının təkibində 23-25% sellüloza, 50-55% pentozalar, 4-6% kül, 2-3% şəkər, 5-7% yağabənzər maddələr, 10%-ə qədər azotlu maddələr vardır. Endospermin aleyron nazik divarlı iri toxumalardan ibarətdir.
   Aleyron təbəqəsində 35-45% zülal, 6-8% şəkər, 3-9% yağ, 11-14% mineral maddə, 7-10% sellüloza, 15-17% pentozalar vardır. Aleyron təbəqə müxtəlif dənli bitkilərdə 6-dan 12%-ə qədər təşkil edir. Qarabaşaq və paxlalı dənli bitkilərin anatomik quruluşu taxıl cinsli dənlərin quruluşundan fərqlənir.

   Qarabaşağın üçbucaqlı nüvəsi xarici tərəfdən meyvə qılafı ilə örtülmüşdür. Meyvə qılafının (22%) alt hissəsində S formalı rüşeym (12%) yerləşir. Qarabaşağın endospermində (62%) əsasən zülal, nişasta, rüşeymində yağ, vitaminlər, makro və mikroelementlər var.

   Paxlalı dənli bitkilər toxum qılafından (8%) və iki ləpədən ibarətdir. Toxum qılafında əsasən sellüloza və pentozalar vardır. Ləpələr bütöv dənin 92%-ni təşkil edir və tərkibində əsasən zülal, nişasta, yağ, vitaminlər və mineral maddələr vardır. Bu bitkilərin tərkibində zülalların miqdarı çoxdur: noxud və lobyada 30%, soyada isə 40% təşkil edir. Soyada yağ və şəkər 20%, nişasta 1-2%, araxisdə isə yağ 50%, zülal 20%-dir. Su dənli bitkilərin tərkibində 14-15% olur. Dənin saxlanılması və texnoloji xassələri suyun miqdarından, onun vəziyyətindən və birləşmə formasından asılıdır. Tərkibində 17%-dən çox olan taxıldakı su sərbəst formada olduğundan, saxlanılma zamanı baş verən biokimyəvi proseslər sürətlənir və nəticədə taxılın keyfiyyəti aşağı düşür.

   Azotlu maddələrin 90%-ə qədərini zülallar təşkil edir. Buğdada 12,7%, düyüdə 7,3%, qarabaşaqda 11,5%,paxlalılarda 34,9% zülal var. Dənli bitkilərdə olan zülallar əsasən sadə zülallardır. Aminturşuları tərkibinə görə ən dəyərlisi çovdar, qarabaşaq, düyü, paxlalılar, sonra isə arpa, vələmir və buğda zülalıdır. Nisbətən az dəyərli darı və qarğıdalıdır. Buğdanın və çovdarın zülalı şişmə qabiliyyətinə malik olub, elastiki (buğdada) və sovuşqan (çovdarda) kütlə əmələ gətirir. Buğdada elastiki yapışqanvari kütlə əmələ gətirməsinin çörəkçilikdə və makaron məmulatı istehsalında böyük texnoloji əhəmiyyəti var.
   Fermentlər — bütün dənli bitkilərin tərkibində vardır. Normal tam dəyərli dənin tərkibində kompleks fermentlər olur. Taxılın, un və yarmanın saxlanılmasında, unun və çörəyin istehsalında fermentlərin çox böyük rolu var. Quru dəndə fermentlər az fəaldır, lakin nəmlik və rütubət artdıqca, temperatur yüksəldikcə fermentlər daha da fəallaşırlar. Nişastanı şəkərləşdirən, dekstrinləşdirən və proteoletik fermentlər nə qədər fəal olarsa, o zaman yüksək keyfiyyətə malik olan buğda unu əldə etmək olar.
   Karbohidratlar — miqdarına görə dənli bitkilərin üzvi maddələri sırasında birinci yer tutur. Karbohidratlardan dənli bitkilərdə əsasən nişasta (vələmirdə 36%, qarğıdalıda 60%), dekstrinlər, şəkər (soyada 2,2%, qalan dənlərdə 10%-ə qədər), sellüloza, pektin maddələri vardır. Nişasta dənli bitkilərin mühüm ehtiyat qida maddəsidir. Dənli bitkilərdən alınan məhsullar üçün nişastadan şəkər əmələ gətirmə, şişmə, yapışqan əmələ gətirmə qabiliyyəti böyük əhəmiyyətə malikdir. Sellüloza və hemisellülozanın çox olması dənli bitkilərdən alınan məhsulların keyfiyyətinə mənfi təsir göstərir.
   Lipidlər — (yağ və yağabənzər maddələr) soya istisna olmaqla dənli bitkilərdə nisbətən azdır. Buğda, çovdar düyü və arpada 2-3% lipid, darı və qarabaşaqda 3-4%, vələmir və qarğıdalıda 5-7%, noxud, lobya və mərcidə 2-2,5%, soyada 20%-ə qədər lipidlər vardır. Dənli bitkilərdəki yağın tərkibində fosfolipidlər və sterinlər, karotinoidlər və E vitamini (40-290 mq%), boya və ətirli maddələr vardır. Buğda rüşeymində 15%, qarğıdalı rüşeymində isə 35% yağ olur. Saxlanılma zamanı darı, vələmir və qarğıdalının tərkibindəki yağ tez qaxsıyır, lakin qarabaşağın yağı davamlıdır. Lipaza fermentinin təsiri nəticəsində yağlar hidrolizləşir və sərbəst yağ turşuları əmələ gəlir. Bu isə məhsulların keyfiyyətinə mənfi təsir göstərir.
   Vitaminlərdən dənli bitkilərin tərkibində B1, B2, PP, B6, E, karotin, pantoten turşusu vardır. Vitaminliyinə görə buğda, çovdar, arpa, qarabaşaq və paxlalılar yüksək dəyərlidir. Qarğıdalıda B1 və PP vitaminləri nisbətən azdır. Düyüdən alınan məhsullarda da vitamin azdır. Dənəvər və əla sort un istehsalı zamanı buğdanın tərkibindəki vitaminlərin 70%-i kənar edilir.
   Mineral maddələr — Dənli bitkilərdə kükürd, xlor, silisium, manqal, sink, nikel və digər elementlər vardır. Mineral maddələr dənli bitkiləri yandırıb közərtdikdən sonra qalan küldən ibarətdir. Külün miqdarı unun sort göstəricisidir.
   Taxılın kimyəvi tərkibi — onun növündən, selleksiya sortlarından, becərildiyi torpaq-iqlim şəraitindən və aqrotexnikadan asılıdır. Taxılın tərkibində azotlu maddələr, fermentlər, karbohidratlar, yağlar, vitaminlər, mineral maddələr, su, turşular, aşı və boya maddələr vardır.
   
   Buğda — qırtıckimilər fəsiləsinə aid əsas taxıl (ərzaq) bitkisidir. Dünyada əkin sahəsinə görə birinci yeri tutur. Buğda dənində 80-85% endosperm olması istehsal zamanı yüksək sortlu un çıxımı artırır. .Təkcə buğdanın 14 növünün 270-dən çox növ müxtəlifliyi və yüzlərcə forması mövcuddur. Buğdanın botaniki və əmtəə təsnifatı vardır. Cəmi 22 botaniki növü yayılmışdır. Bunlardan ikisi ən geniş yayılmışdır. Azərbaycanın buğda sortları aşağıdakılardır; Sevinc, Arzu, Yaqut, Zoğal buğda, Pirşahin, Gürgənə, Murov, Bolbuğda , Uğur , Qızıl buğda , Ruzi , Qırmızı buğda, Səba, , Şərq, Bahar, Mirbəşir1, Fərəhim-2012, Zərdabi, Azəri, Qarabağ, Arazbuğdası(Eritrospermum 1335/2), Xırdabuğda, Bərəkətli-95, Əlincə-84 , Mirbəşir-50, Nurlu-99, Araz , Murov-2, Əzəmətli-95, Azərbaycan-1, Qaraqılçıq-2, Əkinçi-84 , AzKTİ-7, Şəki-1, Qafqaz, , Qırmızıgül-1, Ağbuğda , Şiraslan-23, Ağbuğda-13, Qiymətli-2/17, Tərtər , Qobustan , Pərzvan-1, Mirvari. Yumşaq buğdanın sünbülü boş, qılcıqlı, dənin rəngi qırmızı, qəhvəyi və sarı, konsistensiyası yarımşüşəvari, şüşəvari və unlu olur. Həm payızlıq və həm də yazlıq buğda becərilir. Yumşaq buğdadan alınan un əsasən çörəkçilikdə, az miqdarda isə makaron istehsalında istifadə olunur. Bərk buğdanın sünbülü dolu, dəni uzunsov sarı, açıq və ya tünd kəhraba rəngində, konsistensiyası isə şüşəvari olur. Payızlıq və yazlıq bərk buğda becərilir. Bərk buğdadan dənəvər və makaron unu istehsal edilir. Yumşaq buğdanın 9 növü, bərk buğdanın 10 növü vardır. Əmtəə təsnifatına görə buğda standarta əsasən 6 tipə və yarım tiplərə ayrılır. Azərbaycanda əsasən, Ağ buğda, Cəfəri, Sevinc, Qılcıqsız, Mirbəşir1, Bərəkətli-95, Əzəmətli-95, Mirbəşir-50, Qırmızı buğda və digər yerli sortlar becərilir. Buğdada 80-85% endosperm olur, dənin 2-3%-ni rüşeym təşkil edir. Bütün dənli bitkilər olduğu kimi buğdanın da tərkibində fermentlər vardır. Rüşeymin tərkibi 35-40% zülal,12- 15% yağ, 20-25% karbohidrat, 5-10% mineral maddə, 2-3% sellüloza, pentozalar, B1, B2,E vitaminindən ibarətdir. Buğdanın kimyəvi tərkibində bütövlükdə, 65-68% nişasta, 15% zülal, şəkər 3%, yağ 2-2.5%, 2% sellüloza, 2% kül və 15% su, həmçinin B1, B2, B6, PP, E vitaminləri vardır.
   Çovdar — ikinci ən qiymətli taxıl bitkisidir. Arpa və buğdaya nisbətən çovdar bitkisi insanlara gec məlum olmuşdur. Məhsuldarlıq hektara 25-35 setnet götürmək mümkündür.Çovdarda 75-80% endosperm, 6% rüşeym olur. Çovdarın kimyəvi tərkibi 63-66 % nişasta, 8-12% zülal, şəkər 5-6%, yağ 2-2.5%, 2.5% sellüloza, 2% kül və 9- 10% pentozalar, həmçinin A, B1, B2, PP və E vitaminlərindən (vitaminlər buğdaya nisbətən azdır) ibarətdir.
   Qarğıdalı — buğda və düyü ilə yanaşı qlobal taxıl istehsalında mühüm yer tutur. Taxıl fəsiləsindən olan qarğıdalı bitkisinin vətəni Meksikadır ki, dəniz səyyahı Kolumb tərəfindən 1493-ci ildə Avropaya gətirilmişdir. Qarğıdalı bitkisinin hündürlüyü 2-6 metr, kökü isə 100 sm-dək torpağa işləyir. Əkilmiş toxumdan gövdədə 3-6 qıçalar əmələ gəlir ki, hər birində 60-100 erkək və dişi toxumlar olur. Protein, kalsium, dəmir, fosfor, A və B2 vitamini ilə zəngindir. Hektara 50 setner qarğıdalı dəni və ya 300-600 setner yaçıl kütlə yetişdirmək mümkündür. Qarğıdalıda 70-75% endosperm, 10% rüşeym olur. Qarğıdalının kimyəvi tərkibi 49-60% yağ, 5-6% fitin maddəsi, 65-68% nişasta, 12-15% zülal, şəkər 5-6%, sellüloza, pentozalar, həmçinin mineral maddələrdən ibarətdir. Müxtəlif torpaq-iqlim zonalarında qarğıdalının səpin müddətləri müxtəlifdir. Qarğıdalı istilik sevən bitki olduğundan torpaqda 8-100s istilik olduqda əkilməlidir. Respublikamızda becərilən dənlik və silosluq qarğıdalı sortlarının səpin norması torxumun böyüklüyündən asılı plaraq, 1000 ədəd dənin kütləsi 300-350 qr. hektara 17-20 kq olmaqla 45-50 min bitki hesabı ilə əkilir. Sahədə cərgəarası 70 sm. bitki arası isə 25 sm (70×25) olmalıdır. Səpinqabağı sahələrə hektara 20 ton peyin, fiziki çəki hesabı ilə 300 kq fosfor, 165 kq kalium gübrəsinin verilməsi və pərşum edilməsi məsləhət bilinir.
   Vələmirin — (yulaf)- qymətli ərzaq və yem bitkisidir. Onun dəni heyvandarlıq və quşçuluq üçün əvəzsiz qüvvəli yemdir. Dənin tərkibində 12-13% zülal, 40-50% nişasta, 4-6% yağ vardır. Eyni zamanda 11-12% sellüloza, 3,5% kül, 14% su olur. Vələmirin küləşi digər toxumların küləşinə nisbətən heyvanlar üçün qiymətli sayılır. Küləşin tərkibində 6,9% zülal, 40,7% azotsuz ekstraktiv maddələr, 1,8% yağ, 27,8% sellüloza, 6,8% kül, 16% su olub, 100 kq-nın tərkibində 31yem vahidi vardır.
   Arpa — taxıllar fəsiləsindən bitki cinsidir. Arpa əhəmiyyətli dənli taxıl bitkisi olmaqla ərzaq, yem və texniki məqsədlər üçün becərilir. Onun dənindən perlova yarması və un hazırlanır. Unundan ehtiyac olduqda 20-25% buğda ununa qatırlar.Dənin tərkibində 12% zülal, 5,5% sellüloza, 58-60% nişasta, 2,1% yağ, 1,3% su, 2,8% kül, 5 % şəkər və mineral maddələr olur. Azərbaycanda arpanı 5-6 min il bundan əvvəl becərməyə başlamışlar. Arpanın 30-a yaxın növü mövcuddur.Azərbaycanda arpanın Pallidium –596, Qarabağ-7, Naxçıvandəni-310, Tsiklon sortları becərilir.
   Darı — toxumları buğda kimi qida maddəsi olaraq istifadə edilə bilən, bir və ya çox illik bitkidir. Dünyada insan qidası və heyvan yemi olaraq istifadə edilir. Darı toxumları 8-12 dərəcədə cücərə bilir və quraqlığa davamlıdır. Darinın tərkibində fosfor, dəmir, maqnezium kimi minerallar və A vitamini var.
   Düyü — qırtıckimilər fəsiləsinə aid bitki cinsidir. Düyünün əldə edildiyi çəltik bitkisi isti iqlimli bölgələrdə və demək olar ki, hər cür torpaqda yetişə bilər. O, su içində yetişmə xüsusiyyətinə malik olan yeganə taxıldır. Düyü minerallar baxımından çox da zəngin olmasa da, vitaminlər baxımından olduqca qiymətlidir.( kimyəvi tərkibində 70% nişasta, 8% zülal, su 13 %, yağ 2,2%, minerallar 1,2 %. vardır). Baldo, kəpəkli, basmati, yabanı və ətirli olmaqla 5 növ düyü vardır. Dünya əhalisinin təqribən yarısının əsas yeməyini buğda ilə bərabər düyü təşkil edir Düyü ən qədim dənli bitkilərdən hesab olunur, vətəni Hindistan və Çindir. Düyüdə orqanizm üçün qiymətli lizin amin turşusu vardır. Professor P.Jukovskinin fikrinə görə onda olan zülal isə başqa dənli bitkilərin zülalına nisbətən heyvan mənşəli zülala daha yaxındır. Düyünün bir xüsusiyyəti odur ki, insanı mədə xəstəliklərinə tutulmaqdan qoruyur. Düyüdə nişastanın faizi olduqca yüksəkdir, bəzən 90 faizə çatır. Tərkibində yapışqanlı zülal maddəsi olmadığına görə o çörək bişirmək üçün yaramır.
   Qarabaşaq — qırxbuğumkimilər fəsiləsinə aid bitki cinsidir. Bu bitki əsasən dən məqsədi üçün becərilir, dəndən qiymətli və qidalı ərzaq hesab olunan qarabaşaq yarması alınır. Qarabaşaq yaxşı dad keyfiyyətinə, qidalılığına və yüksək dərəcədə həzm olunmasına görə fərqlənir. Qarabaşağın zülalı dənli-paxlalı bitkilərin zülalından geri qalmır. Dənin tərkibində orta hesabla 82% nişasta, 10% zülal, 3% yağ, 0,3% şəkər, 2% sellüloza vardır. Eyni zamanda 7,9% lizin, 12,7% arginin və s. amin turşuları var. Dənin tərkibində buğdaya nisbətən 1,5 dəfə artıq B1, B2 və P vitaminləri var.Qarabaşaq qiymətli bal verən bitkidir. Əlverişli meteoroloji şəraitdə hektardan arı ailəsi 70-80 kq-a qədər bal toplayır. Qarabaşaq (qaradarı) – cinsinin üç növü məlumdur. 1.Adi qarabaşaq 2.Tatar qarabaşağı 3.Yarımkolşəkilli qarabşaq Bu növlərdən yalnız adi qarabaşaq mədənidir. Qarabaşağın müəyyən miqdarda yayılmış sortları aşağıdakılardan ibarətdir. Boqatır – istilik və nəmlik sevən, orta müddətdə yetişən, yatmaya və dənin tökülməsinə orta davamlıdır, yaxşı məhsuldar sortdur. Meyvələri cizgili, qanadlı və iridir. Dənin 1000 ədədinin kütləsi 22-30 qramdır. Kalininskaya – orta müddətdə yetişəndir, dənin tökülməsi və yatmaya qarşı davamlıdır, istiliyə tələbatı azdır. Meyvəsi qanadlıdır. 1000 ədədinin kütləsi 18-22 qramdır. Şatilovskaya – orta müddətdə yetişən, məhsuldardır, nisbətən yatmaya və dənin tökülməsinə qarşı davamlıdır. Quraqlığa davamlılığı yaxşıdır. Meyvəsi qanadlıdır. 1000 ədədinin kütləsi 24-28 qramdır. Nektarnitsa - tezyetişən sortdur, quraqlığa davamlılığı ortadır. Meyvəsi qanadlı və iridir, 1000 ədədinin kütləsi 28-36 qramdır. Skorospelaya - tezyetişən və yatmaya davamlı sortdur. Meyvəsi boz, qanadlıdır. 1000 ədədinin kütləsi 22-25 qramdır. Çişminskaya – orta müddətdə yetişən sortdur. Quraqlığa davamlılığı yüksək, yatmağa davamlıdır. Meyvəsi qanadlıdır, 1000 ədədinin kütləsi 20-25 qramdır. Krasnostreletskaya – orta müddətdə yetişən sortdur. Yatmaya, dənin tökülməsinə və quraqlığa davamlıdır. Meyvəsi qanadlıdır, 1000 ədədinin kütləsi 26-32 qramdır. Dənin tərkibində 15-17% zülal var.
    Paxlalı dənli bitkilər - noxud, nut, lobya, mərci, lərgə, paxla və soya. Bu bitkilərin məhsulu zülalla zəngin olduğundan, onlar, ərzaq, yem və texniki məqsədlər üçün becərilir Paxlalı bitkilərin dənlərində insan və heyvan orqanizmi üçün lazım olan bütün amin turşuları vardır. Toxumlarda və meyvələrində orqanizmin normal həyat fəaliyyəti üçün zəruri olan çoxlu miqdarda müxtəlif vitaminlər (A, B1, B2, C, PP və s.) vardır. Əvəz edilməyən lizin, metionin, triptofan soya, lobya, mərcimək, göy noxud və nut dənlərinin tərkibində daha çox olur. Bunların tərkibində olan zülalların orqanizmdə mənimsənilmə faizi daha yüksək olur.Paxlalıların bir üstünlüyü də ondan ibarəndir ki, vahid torpaq sahəsində çoxlu azot elementi toplayırlar. Yarpaqların quruluşuna görə dənli-paxlalı bitkilər 3 qrupa bölünür
   1)Lələkşəkillilər (göy noxud, lərgə, mərcimək, paxla, nut),
   2)Üçlü yarpaqlılar (lobya, soya),
   3)Barmaqşəkillilər (lüpin). Birinci qrupun bitkiləri cücərərkən ləpələrini torpaq səthinə çıxartmırlar. Toxumları dərinə səpilir, əkinləri çıxışa qədər və çıxışdan sonra malalanmır. 2-3-cü qrupun bitkilərinin cücərtiləri toxumların ləpəaltı dizciyinin uzanması hesabına bölünür və ləpələri cücərti ilə torpağın səthinə çıxır. Bu qrupun toxumları nisbətən dayaz basdırılır.
   Lərgə bitkisi ərzaq, yem və texniki məqsədlər üçün becərirlər. Yem məqsədi üçün onun dənindən, yaşıl kütlə hazırlanır.
   Vitamin və zülal baxımından son dərəcə zəngin bir qida olan paxlanın dənələri təzəykən yaşıl, quruyanda qəhvəyidir. Quru paxla, təzə paxlaya görə daha bəsləyicidir. Quru paxlanın 100 qramında təxminən 26 qr. zülal, 58 qr. karbonhidrat və 341 kalori vardır. Ayrıca paxla B1, B2, B6 və K vitaminlərinin yanında azot, nişasta, kalium və maqnezium mineralları baxımından da olduqca zəngindir. Paxla toxumu qalın qabıqlı olduğuna görə toxumları şişmək üçün çox su tələb edir və ləng cücərir (3-4° C temperaturda cücərir). Rütubətə tələbkar bitkidir. Xüsusilə qönçələmə – çiçəkləmə dövründə suyu çox tələb edir. Paxla uzun gün bitkisidir. Şoran torpaqları sevmir. Üzvi maddələrlə zəngin olan neytral və zəif turş (pH=6-7) reaksiyalı torpaqlarda yaxşı inkişaf edir. Dəni çox qidalıdır, tərkibində 26-34% zülal, 0,8-1,5% yağ, 50-55% nişasta, 3-6% sellüloza, 2,1-4% kül vardır. 1 sentner dəndə 129 yem vahidi və ya 25 kq zülal olur. Çiçəkləmə fazasında biçilmiş paxla çox qidalı ot verir. Paxlanın yaşıl kütləsində 76,4% su, 3,6% zülal, 0,8% yağ, 7% sellüloza, 20,5% azotsuz ekstraktiv maddə və 1,4% kül olur.
   Soyanın tərkibində 18-24% yağ və 35-45% zülal, 30 karbonhidrat və 5% mineral, çox sayda vitamin var. Soya hərtərəfli istifadə olunan qiymətli bitkidir. Dənində zülal çox olduğuna görə paxlalı, yağ çox olduğuna görə isə yağlı bitkilər qrupuna aid edilir. Soyanı digər dənli - paxlalı bitkilərdən fərqləndirən onun zülalisinin amin turşularının tərkibinə görə heyvan mənşəli zülala yaxın olması və insan orqanizmi tərəfindən asanlıqla mənimsənilməlidir. Lizin, triptofan və metionin kimi amin turşuları soyanın tərkibində vardır. 1 kq buğda dənində 2,5 qram lizin olduğu halda, 1 kq soya 27 qram lizin vardır. Soya istilik və rütubət sevən bitkidir. Çiçəkləmə və yetişmə dövründə daha yüksək yəni 18-250C temperatur tələb edir. Toxumlar 6-80C temperaturda cücərir. Soyanın vətəni cənubi-şərqi Asiya hesab olunur.
   Lobya — paxlakimilər fəsiləsinə aid Orta Amerika mənşəli, bir illik bitki cinsidir. Lobya qüvvətli tərəvəzdir, o qrunt suları səthə yaxın olan gilli torpaqlarda, həmçinin turş torpaqlarda pis bitir. Qaysaq bağlayan gilli torpaqlar da lobya üçün yararsızdır, çünki belə torpaqlarda lobya cücərtilər qaysağın müqavimətini qırıb səthə çıxa bilmir və cücərti məhv olur. Torpaqlarda azot azlığı bitkinin yarpaqlarının saralmasına, fosfor azlığı isə yarpaqların saralması və qızarmasına səbəb olur. Lobya üçün ən yaxşı sələf taxıl, cərgələrarası becərilən bitkilər, çuğundur, bostan bitkiləridir. Bu bitkilərdən sonra torpaqda lazımi miqdarda nəmlik və mineral elementlər qalır. Lobya bitkisini bir neçə il eyni sahədə əkmək məsləhət deyildir. Çünki bu, torpaqda xəstəliklərin artmasına və bitkilərin zəifləməsinə, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Lobya bütün bitkilər üçün sələfdir. Belə ki, torpağa azot fiksasiya (hektara 40 kq-a yaxın) edir, özündən sonra sahədə alaq otları qalmır, torpağın fiziki quruluşunu yaxşılaşdırır, ona görə də ondan sonra əkilən bitkilərdən yüksək məhsul alınır. Bunların növü müxtəlifdir. Azərbaycan ailələrində yeyilən yalnız atlı, piyada və maş (xırda) lobyalardır. Atlı, piyada və sair lobyalardan həm yaşıl, həm də quru halında istifadə olunur.
   Mərcimək — paxlakimilər fəsiləsinə aid bir illik bitki cinsidir. Qurudulmuş mərcinin 100 qramında karbohidratlar - 53.5q, zülal - 24q, su - 14 q, sellüloza - 3.7 q, kül - 2,5 q, yağ - 1.1 qram təşkil edir. Həmçinin, mərciməkdə Vitamin A (beta karoten) - 0.03 mq, Vitamin B1 (tiamin) - 0.5 mq, Vitamin B2 (riboflavin) - 0.2 mq, Niacin (vitamin B3 və ya vitamin PP) - 1.8 mq, Fol turşusu (vitamin B9) - 100 mq, Vitamin E (tokoferol) - 0,5 mq-dır.
   Nut— ərzaq və yem bitkisi kimi becərilir. Toxumunda çoxlu zülal və 4,5% yağ vardır. Onu bişirilmiş halda yeyirlər və kofe hazırlayırlar. Ərzaq məqsədi üçün ağ toxumlu nut becərilir. Tünd rəngliləri isə heyvanlar üçün yem məqsədilə becərilir. Nut bütün dənli paxlalı bitkilər arasında yüksək qidalılığı, tərkibində böyük miqdarda vitaminlər və digər bioloji qiymətli maddələr olması ilə fərqlənir. Bu, nut dəninə olan yüksək tələbatı artırir. Nutun səpin dövriyyəsinə (növbəli əkinə) daxil edilməsi torpağı azotla zənginləşdirməyə imkan verir. O, bütün taxıl bitkiləri üçün çox yaxşı sələfdir. Nutun altına azot gübrələri verməyə ehtiyac yoxdur, çünki onun köklərində əmələ gələn şişlər azotu havadan mənimsəyir və nəinki nutun azota olan ehtiyacını ödəyir, həmçinin onların əkildiyi hər hektar sahəni 50 kq-a qədər azotla zənginləşdirir. Nut istiliksevən bitkidir, istiliyə ən çox çiçəkləmə və yetişmə dövründə ehtiyac duyulur. Eyni zamanda şaxtaya dözümlüdür. Toxumlar 3-5° C temperaturda cücərir. Optimal temperatur 20° C-dir. Nut ən qədim tarixə malik olan bitkidir. Bizim eradan xeyli əvvəl Hindistanda, Yunanıstanda və Qədim Romada becərilib.
   Noxud — paxlalılar fəsiləsindən birillik və qədim tarixə malik olan bitkidir. Zülal, lif və nişasta baxımından zəngin bir qidadır. Göy noxud A, C və B qrupu vitaminlərinin yanında dəmir, fosfor və kalium kimi mineralları da içində saxlayan bəsləyici bir tərəvəzdir. Quru yaşıl noxud zülal və nişasta baxımından təzə yaşıl noxuddan daha zəngindir. Bununla birlikdə, təzə yaşıl noxudu həzm etmək daha asandır. Noxud istiliyə orta tələbkar və tez yetişən dənli-paxlalı bitkidir. Toxumların cücərməsi üçün 1-2° C temperatur lazımdır. Cücərtilər –7-8° C şaxtalara dözür. Normal böyüməsi və inkişafı üçün ən yaxşı temperatur 15-20° C-dir.
   Ümumi taxıl istehsalının artması ilə yanaşı, əsas məsələlərdən biri, bütün taxıl bitkilərinin bioloji və istehlak dəyərinin artırılmasıdır. Bu məsələnin həlli yüksək zülallı və vitaminli taxıl sortlarının yetişdirilməsi və istehsal zamanı taxıldan alınan məhsulların zülallaşdırılmasından və vitaminləşdirilməsindən ibarətdir.