Suvarma sistemləri

  Suvarma sistemləri ---torpaq və su ehtiyyatlarından daha səmərəli istifadə olunması hesabına yüksək və dayanıqlı kənd təsərrüfatı məhsulları əldə edilməsinə nail olmaq üçün torpaqların məhsuldarlığını artırmaq və onun əsaslı surətdə yaxşılaşdırılması məqsədilə təyin olunmuş suvarılan ərazilər, su mənbələri və onlar üzərindəki hidrotexniki qurğular, yollar, istehsalat binaları və rabitə sistemləri kompleksindən ibarətdir.


  Suvarma sistemləri konstruksiyalarına görə üç növə ayrılır: açıq suvarma sistemləri (açıq kanallar, novlar); qapalı suvarma sistemləri (yer səthibdən müxtəlif dərinliklərdə yerləşən basqılı və basqısız boru kəmərləri); birgə suvarma sistemləri (iri suvarma kanalları açıq, kiçik kanallar isə boru kəmərləri ilə əvəz olunur).

  Qapalı suvarma sistemlərində suyun suvarılacaq əraziyə nəql оlunması və оrada paylanması yeraltı və yerüstü basqılı bоru kəmərlərinin vasitəsilə həyata keçirilir. Kоnstruksiya etibarı ilə qapalı suvarma sistemləri daimi (stasiоnar) köçürülən (səyyar) və birləşmiş оla bilər. Daimi sistemlərdə bоru kəmərləri istismar müddətində yerlərini dəyişmədikləri halda, köçürülən sistemlərdə yerüstü bоrular suvarma qurtardıqdan sоnra ikinci mövqeyə daşınılır və оrada yenidən qurulurlar.


  Suvarma sistemlərinin əsas elementləri aşağıdakılardır:
   —bütün vegetasiya müddəti ərzində suvarılacaq ərazini lazım olan miqdarda və tələb olunan keyfiyyətdə suvarma suyu ilə təmin edən suvarma mənbəyi (çay, su anbarı, göl, yeraltı sular, çirkab suları, sel suları və s.);
   —su götürən (baş) qurğu — onun köməyilə su mənbədən götürülərək magistral kanala verilir; (relyefindən asılı оlaraq sipərli, bəndli, mexaniki suvarma və s. kоnstruksiyalarda оlur);
   —magistral kanal və onun qolları—bunların vasitəsilə su sugötürən qurğudan bölüşdürücü kanallara müxtəlif ardıcılliqlarla nəql edilir (magistral kanal başlanğıc, nəqledici (su götürülməyən) və işçi (su götürülən) hissələrdən ibarət оlur;
   —təsərrüfatlararası bölüşdürücü kanallar—onların köməyilə su magistral kanal və onun qollarından təsərrüfat kanallarına verilir;
   —təsərrüfat kanalları- suvarma suyu ilə bir təsərrüfatı təmin edir;
   —təsərrüfatdaxili bölüşdürücü kanallar--bunların vasitəsilə su briqadalara (ayrı-ayrı fermerlərə) və əkin sahələrinə verilir;
   —sahə bölüşdürücü kanallar—su əkin sahələrinə və ayrı-ayrı suvarılan sahələrə nəql edilir;
   —nizamlayıcl şəbəkə;    —sutullayıcı, kollektor-drenaj şəbəkəsi;
   —yol şəbəkəsi—kanallar və hidrotexniki qurğular sistemində istismar tədbirlərin aparılması üçün zəruridir (toxum,gübrə aparmaq və məhsul daşımaq üçün );
   —kanallar və yol şəbəkəsindəki hidrotexniki qurğular—veriəcək suyun səviyyəsini, sürətini və sərfini nizamlamaq, kanallar üzərindən keçidlər körpülər, kanal və qurğuları qorumaq və suyu maneələr üzərindən keçirtmək üçün təyin olunur;
   —suvarma sistemlərinin istismarına xidmət edən istehsalat binaları, telefon və elektrik şəbəkəsi tikililəri;
   —buxarlanma itkilərini azaltmaq və suvarılan sahələri küləyin zərəzli təsirindən qorumaq üçün qoruyucu meşə zolaqları ;
   —subarılan torpaqlar—təsərrüfatlararası və təsərrüfatdaxili ərazilərlə birlikdə;
   Təbii və təsərrüfat səraitindən asili olaraq suvarma sistemlərini bəzi elementləri olmaya bilər. Bütün sistemin suvarma kanalları aparıcı və nizamlayıcı şəbəkələrə bölünür.
   Aparıcı suvarma şəbəkələrinə bütün daimi kanallar aiddir: magistral kanal, təsərrüfatlararası, təsərrüfat və təsərrüfatdaxili eləcə də sahə bölüşdürücüləri;
   Suvarma sistemlərinin nizamlayıcı şəbəkələrinə:oz axini ilə suvarma üsulunda –müvvəqqəti kanallar, aparıcı və bölüşdürücü şırımlar, boru kəmərləri, eləcə də suvarma zolaqları; yağışyağdirma üsulu ilə suvarmada –yağışyağdiran maşınlar, qurğular və boru kəmərləri; yeraltı suvaram üsulunda nəmləndiricilər:
   Nizamlayıcı şəbəkələrin vəzifəsi suyu sahələr arasında bölüşdürməkdən ibarətdir.
   Su toplayıcı və tullayıcı şəbəkə--qar və sel sularını ötürmək, kanallarda və suvarılan ərazidə suvarmadan sоnra qalan artıq suları kənar etmək məqsədilə; kollektor-drenaj şəbəkəsi—yuma sularını vermək və qrunt sularını kənarlaşdırmaq məqsədilə tikilir.

   Suvarma sistemlərində həyata keçirilən əsas qulluq və texniki xidmət işləri baş sugötürücü qurğularda, magistral və digər kanallarda, hidrotexniki qurğularda alaq otlarının, kol-kosun və digər su bitkilərinin əl ilə və mexaniki üsulla təmizlənməsi, suyun hərəkətinə mane olan kənar əşyaların çıxarılması, qaldırıcı mexanizmlərin və qurğuların profilaktikası, metal konstruksiyaların korroziyadan qorunması üçün rənglənməsi, sistemin faydalı iş əmsalını artırmaq məqsədilə beton üzlüklü kanallarda yerini dəyişmiş və çökmüş plitələrin normal vəziyyətə gətirilməsi, dəmir-beton üzlüyün sualtı və suüstü hissələrində çatların, sınıqların, zədələnmiş tikişlərin bərpa edilməsi, yamaclarda kiçik zədələnmələrin bərkidilməsi, nov kanallarda novların yararsız hala düşmüş elementlərinin dəyişdirilməsi, çökmüş dayaqların düzəldilməsi, hidrotexniki qurğularda başlıqların çökməsinin və əyilməsinin düzəldilməsi, qurğu ətrafına torpağın tökülməsi və hamarlanması, çatların, boşluqların və çuxurların təmizlənməsi və beton məhlulu ilə doldurulması, qurğunun giriş və çıxışında və yamaclarda olan zədələnmələrin bərpası, mexanizmlərin yağlanması, xırda zədələnmələrin aradan qaldırılması, hidrometrik müşahidə qurğularında avadanlıqların iş qabiliyyətinin bərpa edilməsi, istismar yollarının hamarlanması və bərkidilməsi, su kənarlaşdırıcı kanalların təmizlənməsi, yol altından keçən suötürücü və drenaj qurğularının bərpası və s. işlərdən ibarətdir.